Şəhid Elvin Abbasovun anası Bahar xanım Bakı Texniki Kollecində
Şəhid Elvin Abbasovun anası Bahar xanım Bakı Texniki Kollecinə gəldi. Övlad həsrəti ananı oğlunun təhsil almış olduğu bu məkana gətirdi. Həm qürur duyan, həm də alışıb yanan ana qəlbi dərdini bölüşmək istəyir, gözlərindən axan o yaş damcıları, xatirələrlə dolu qəlbinə sanki su səpirdi.
Oğlunun xatirəsini əbədiləşdirildiyini görən ana sevincini gizlədə bilmədi. O mənə yazmış olduğu bu şeiri təqdim etdi. Əlləri əsərək yazmış olduğu o şeir nalə çəkən ana dünyasının bir parçası idi. Mən də bu şeiri sizinlə bölüşmək istədim.
Boş qalıb otağın, yanmır çırağı
Arabir keçirəm işıq salıram.
Toz basmış otağın hər bir küncünü
Gözümün yaşıyla silib çıxıram
Yoxluğun üzümə vuran otaqdan,
Çiynində bir dünya yüklə çıxıram
Daha sənsizliyə, dözmür ürəyim,
Qayıt son beşiyim, çox darıxıram.