Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun “Bilik Günü” münasibətilə müəllim və tələbələrə müraciəti.
Azərbaycan Texniki Universitetinin nəzdində
Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "Bilik Günü” münasibətilə müəllim və tələbələrə müraciəti.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan Təhsili yeni dövrünü yaşayır. "Hər il ölkəmizdə onlarla yeni məktəb tikilir və ya əsaslı şəkildə təmir edilir. Dövlətimiz tərəfindən yaradılan şərait övladlarımızın yüksək səviyyədə təhsil almasına zəmin yaradır.
15 Sentyabr - hamımızın həyatında xatırlaya biləcəyimiz arzu, xəyallarla dolu bilik günüdür. Bilik günü – bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanların istəklərinə çatmasına zəmin yaradan, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət, ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir. Bu gün münasibəti ilə mən bütün müəllim və tələbələri təbrik edirəm.
Təhsil aldığınız ocaq elə bir məkandır ki, buradakı ab-hava övladlarımızın həyat yoluna, əqidə və vətəndaşlıq hissinə, mənəvi dəyərlərinə təsir edir. Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən-bütövlükdə hamımızdan asılıdır.
Hər bir uşaq yaradanın şah əsəridir. O, dünyaya potensial mükəmməl şəxsiyyət kimi gəlir. Uşaqların potensialı müsbət tərəfə yönələrsə, o gözəl bir əsərə çevrilər. Bu işdə müəllimlərin rolu əvəzsizdir.
COVİD-19-un yarada biləcəyi təhlükə təhsildən də yan keçməmişdir. Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin tədrisinə dair təlimat təsdiq edilib. Təlimatda təhsilin növbəli təşkilinə, əyani və distant təhsilin müddətinə, tələbələrin dərslərdə davamiyyəti məsələsinə və xüsusi ilə tədrisin distant formada təşkilinə dair məsələlərə aydınlıq gətirilib. Təlimatda tədris distant formada təşkil olunan zaman istifadədə olunan proqram təminatına dair olan tələblər müəyyənləşdirilib.
Bakı Texniki Kolleci sağlam ətraf mühit, sağlam həyat tərzinin geniş təbliğinə böyük yer ayırır. Təlimata uyğun olaraq sanitariya-gigiyena və epidemiya əleyhinə rejim qaydalarına ciddi riayət olunur və bu istiqamətdə kollecdə dizinfeksiya işləri aparılır. COVİD-19-un yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə kollecdə mütəmadi tədbirlər həyata keçirilir. Kollecin ərazisinə daxil olan vətəndaşlardan karantin rejiminə riayət etməsi tələb edilir.
Bütün bu müvəqqəti çətinliklərə baxmayaraq elmi, təhsili unutmaq olmaz. Elmli, təhsilli gənclər xalqın gələcəyidir. Bu yolda sizə yeni-yeni nailiyyətlər, uğurlar arzulayıram.
Yeni tədris iliniz mübarək!